Hüququn İqtisadi Analizi (“HİA”) (ingilis dilində “Economic Analysis of Law” və ya “Law and Economics”) haqqında ilk dəfə ABŞ-da magistraturada (LLM) oxuduğun dövrdə eşitmişdim. Əsasən “Contract” və “Corporations” kurslarını aparan professorlar dərslərində HİA istinad edirdilər. Əvvəl buna o qədər də diqqət yetirmirdim, çünki bakalavr təhsili dövründən “iqtisadiyyat” termini mənim yaddaşımda qəribə sxem və qrafiklər kimi qalmışdır.

Hesab edirdim ki, HİA bakalavr pilləsində adətən tədris edilən “İqtisadi hüquq” fənninə aid olan sahədir. Əslində, “İqtisadi Hüquq” fənninin universitetdə bizə nə öyrətmək istədiyini nə o vaxt başa düşürdüm nə də ki indi.
ABŞ-da əvvəl “google” vasitəsi ilə HİA haqqında məlumat axtarmağa başladım. Sonra imkan olanda bir-iki müəllimdən bu haqda məlumat alırdım. Müəyyən formada şəxsi araşdırmamı apardıqca, görürdüm ki, HİA müasir effektiv hüquq sisteminin qurulmasında vacib rolu var.
İmkan daxilində, bu sahəni öyrənməyə davam edirəm, əlavə ədəbiyyat və materialı oxumağa çalışıram.

Hüququn İqtisadi Analizi (HİA) məktəbi ilk olaraq ABŞ-da formalaşıb və inkişaf edib. HİA müxtəlif hüquqi məsələlərin analizini iqtisadi alətlərin vasitəsi ilə həyata keçirir.
ABŞ-da HİA-nın inkişafına təkan verən ilk alımlər G.Becker, R.Coase (hər ikisi Nobel mükafatının qalıbidir) və hüquqşünas, ABŞ-ın ən yaxşı hakimlərindən biri hesab edilən R.Posner olublar.
HİA əsasən üç vacib sual (məsələ) üzərində qurulub:

  1. Hüquq (qanun) nədir?
  2. Cəmiyyətdə hüquq (qanun) nə üçün mövcuddur və niyə məcburi qüvvəyə malik olmalıdır?
  3. Nəyi yaxşı hüquq (qanun) hesab etmək olar?

HİA əsasını – insanlar səmərəli surətdə davranır (hərəkət edir) – mövqeyi təşkil edir. Sözsüz, bu demək deyil ki, insanlar hər zaman dəqiq hesablamalar aparırlar. Lakin onlar öz hərəkətləri nəticəsində yarana biləcək xərcləri və faydalari (ifadələrin geniş mənasında) nəzərə alırlar. Bu mövqe qanunun təsviri analizi ilə yanaşı qanunun insanların davranışına (hərəkətinə) necə təsir edəcəyini araşdırır.

HİA ikinci mövqeyi – effektivlik və cəmiyyətin rifahının (geniş mənadə) yüksəltməsi – ideyası üzərində qurulur. Bu mövqenin mənasi ondan ibarətdir ki, qanunlar cəmiyyətin rifahının yüksəlməsinə istiqamətləndirilməlidir və bu məqsədə nail olmaq üçün qanunlar maksimum effektiv (səmərəli) hazırlanmalıdır.
ABŞ qanunvericiliyin formalaşmasında HİA əhəmiyyətli təsirə malikdir və son 30-40 il ərzində ABŞ-ın biznes qanunvericiliyinin inkişafına böyük təkan verəm amıl olubdur. Son illərdə Avropa ölkələrinin hüquq ədəbiyyatında HİA-ın konsepsiyaların müzakirəsinə rast gəlmək olur. MDB ölkələrində HİA mövzusunda müəyyən yazılara Rusiya ədəbiyyatında rast gəlmək olar. Azərbaycanda təəssüf ki, bir çox sahələr ilə yanaşı HİA-ya aid materiallara rast gəlinmir. Zənnimcə, Azərbaycan hüquq sisteminin təkmilləşdirilməsi prosesi çərçivəsində HİA-ya diqqət yetirmək məqsədəuyğun olar.

HİA nə üçün inkişaf edən ölkələrin hüquq sistemlərinə faydalı ola bilər?!

İlk növbədə qanunların insanların niyyət və meyillərinə (incentives) neçə təsir göstərdiyinə diqqət yetirərək, onları (qanunları) insanların davranışlarına effektiv təsir göstərəcəyi formada təşkil etmək olar. Məsələn, korrupsiya cinayətlərində məhkumluq sanksiyasından daha çox əmlakın müsadirəsi sanksiyasından istifadə edilməsi daha effektiv və məqsədəuyğun hesab edilir. Çünki, cinayətkarın əmlakını müsadirə etmədən yalnız məhkum etdikdə o, həmin əmlak vasitəsi ilə özünə daha rahat məhkumluq həyatı qura bilər.

İkinci, effektivlik baxımından hər hansı qanunun (qaydaların) mövcudluğunun xərcləri və faydalarına (geniş mənada) diqqət yetirmək lazımdır. Xərclər faydalardan az olduğu halda, hər hansı məsələni nizamlanması məqsədəuyğundur.
Aydındır ki, hər şeyi (qanun və qaydalar ilə) tənzimləmək mümkün deyil. Çünki effektiv məcburi tətbiq etmə mexanizm olmadan effektiv nizamlanmaya nail olmaq olmaz. Bununla yanaşı məcburi tətbiq etmənin özü xərcli ola bilər, belə ki məcbur etmə dairəsi nə qədər böyük olsa o qədər də xərclər böyük olur.

“İctimai seçim” (Public choice) mövqeyinin tərəfdarları hesab edir ki, qanun müəyyən səlahiyyətli orqan tərəfində elan olunduğundan ona tabe olmaq lazımdır. Bu mövqe ilə razılaşmamaq olar, çünki qanunun məcburi tətbiq etmə mexanizmi olanda ona tabe olunur və ya cəmiyyət belə qanunun mövcudluğunu faydalı hesab edir və beləliklə onun məcburi tətbiq edilməsi zəruriyyəti yaranır.
Açıq zərər doğurmayan fərdi (şəxsi) davranışı tənzimləyən qanunları misal gətirmək olar. Məsələn, geyim qaydalarını tənzimləməyə cəhd edən qanunlar. İlk növbədə bu məsələni tənzimləməyə çalışan qanunun məcburi tətbiq edilməsi xərcli olacaq (faydası ilə müqayisədə). Məcburi tətbiq etmənin dəyəri ilə yanaşı, bu kimi qanunlar fərqli mövqeləri dəstəkləyin insanlar arasında münaqişələrə və nəticədə potensial sosial qarşıdurmaya səbəb ola bilər. Həmçinin, belə davranışların (məs. geyimin qaydaları) xüsusi olaraq tənzimlənməsinin aşkar faydası yoxdur.

Üçüncü, qanunlar hər zaman cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənməlidirlər. Bu mövqe cəmiyyət üçün faydalı qanunların hazırlanmasında yaxşı bələdçi ola bilər. Məsələn ölkə iqtisadiyyatına investisiya axımına şərait yaratmaq, yerli bazarda biznesin inkişafı üçün hüquqi risklərin azaldılması və s.
Hüquq sistemi bazarın təqlidçisi (imitatoru) olmalıdır və hüquqi normalar bazarın elementi olaraq effektivlik baxımından təşkil olunmalıdır.