Azərbaycanda Korporativ Borclarının Restrukturizasiyası 

Etməyə dəyər?!

Azərbaycanın iflas qanunvericiliyini müasir tələblərə cavab verən kimi qiymətləndirmək çətindir. Hazırki iflas qanunvericiliyi restruktirizasiyadan daha çox ləğvetmə meyllidir. Azərbaycanda iki fərqli iflas qaydaları mövcuddur, biri banklara aid digəri isə qeyri-bank şirkətlərə və fərdi sahibkarlara aid. Bu yazıda biz qeyri-bank şirkətlərlə bağlı məsələləri əhatə edirik.

Banklara aid iflas qaydalarına aparılmış bəzi islahatlar maliyyə bazarına nəzarət qurumuna rezolyusiya və restrukturizasiya imkanların tətbiqi üçün şərait yaratmışdır.

Bununla yanaşı, qeyri-bank şirkətlərlə bağlı iflas qanunvericilik təkmilləşdirilməmiş olaraq qalır. İflas qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl praktikaya nail olunması üçün Azərbaycanda hüquqi islahatların aparılması zəruridir.

İnkişaf etmiş iflas qanunvericiliyi davamlı iqtisadi inkişafın vacib hissəsidir və maliyyə uğursuzluqların həllində böyük rol oynayır[1]. Əvvəlcədən proqnozlaşdırıla bilən iflas rejiminin olması kreditorları, borclunun aktivlərin götürülməsi əvəzinə borclu şirkətin ləğvinin qarşısını almaq üçün işləməyə sövq edir.

Ümumilikdə, kreditorlar borclu şirkətlərin ləğvində maraqlı deyillər, bununla yanaşı Azərbaycan iflas qanunvericiliyinin müəyyən etdiyi növbəlik kreditorların vəsaitlərinin alınması ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Ayrıca olaraq, borclunun perspektivli biznes fəaliyyəti olduqda, kreditorlar daha çox biznesin saxlanmasında maraqlıdır, hətta borclar üzrə ödənişlərin şərtlərinə yenidən baxmağa razı olurlar.

Bir çox hallarda, ödəmə qabiliyyətini itirilməsi ilə üzləşən şirkətlərlə, onların borclarının restrukturizasiya edilməsi iqtisadi baxımdan daha məqsədəuyğundur nəyin ki, qanunvericiliyin məcbur etmə imkanlarından istifadə etmək. Borcların restrukturizasiyasını, maliyyə çətinlikləri ilə üzləşən borclu şirkətin öz borc öhdəliklərinin restrukturizasiyası daxil olmaqla, maliyyə dəstəyinin əldə edilməsi üçün kreditorlarla yeni şərtlərin razılaşdırılması prosesi kimi, təsvir etmək olar.

İflas prosesində borclu şirkətin fəaliyyətinin dayandırılması, uzun vaxt və yüksək xərclər kimi amilləri nəzərə aldıqda borcun könüllü restrukturizasiyasının daha əlverişli mexanizm olması gözə çarpır. Müqavilə əsasında borcun restrukturizasiyası prosesinin mühüm xüsusiyyəti borclu şirkətə dair rəsmi iflas prosesinin başlanmaması və məhkəmənin cəlb edilməməsidir. Borclu şirkət xərclərinə və biznesinə əsaslı dəyişikliklərin edilməsini nəzərdə tutan biznes planının tətbiqi ilə öz fəaliyyətinə davam edir.

Mövcud iflas qanunvericiliyində könüllü restrukturizasiya imkanları məhduddur. Borcun restrukturizasiyası mexanizmlərin və zəruri məhkəmə müdafiəsinin zəif inkişaf etməsi, imkan vermir ki, maraqlı tərəflər müxtəlif restrukturizasiya modellərini rahat tətbiq etsinlər.

Məlumdur ki, maliyyə restrukturizasiyası özü mürəkkəb bir prosesdir. Uğurlu nəticə üçün borclu şirkətlər problemlərə səbəb olan amillər aradan qaldırmalıdırlar və əvvəlki əqdlərdən yığılmış borclar yenidən baxılmalıdır.

Mövcud iflas qanunvericiliyindən kənar korporativ borcun restrukturizasiya  mexanizmin olması zəruridir. Azərbaycan iflas qanunvericiliyində könüllü maliyyə restrukturizasiyası imkanları mövcud olmasına baxmayaraq, razılaşma əsasında borcun restrukturizasiyası mexanizmlərinin daha çox effektiv edilməsi üçün təfsilatlı qaydalar qanunvericiliyə salınması məqsədəuyğundur.

Ümumilikdə, müqavilə üzrə borcların restrukturizasiyası aşağıdakı mərhələlərdən keçir:

  • təşkilati mərhələ
  • məxfilik və maratori (stand-still) razılaşmaların imzalanması
  • restrukturizasiya planının razılaşdırılması və planın tətbiqi üçün restrukturizasiya sənədləri ilə bağlı danışıqların aparılması
  • planın tətbiqi.

Borclu şirkət restrukturizasiya üzrə danışıqlara özünü hazırlamalıdır. Təcrübədə, aparıcı məsləhətçi əlaqələndirici rolunu aparır, maratori haqqında razılaşma və sənədlərin strukturlaşdırılması ilə bağlı danışıqların aparır, eləcə də kreditorlarla əlaqənin saxlanması üçün səlahiyyətinə malik olur.

Restrukturizasiyası prosesinin əvvəlində borclu şirkət restrukturizasiya prosesində iştirak edən kreditorlarla məxfilik razılaşmasının bağlanmasını istəyə bilər. Məxfilik razılaşmanı imzaladıqdan sonra debitor biznes fəaliyyəti və digər iddialarla bağlı məlumatı kreditorlarla bölüşməyə başlayır. Şirkətin fəaliyyət göstərməsi üçün yeni pul vəsaitlərinin zərurətini müəyyənləşdirilməsi üçün maliyyə proqnozları, nağd pul vəsaitlərinin axını və qiymətləndirilməsi nəzərə alınmalıdır, bunlar restrukturizasiya prosesin uğurlu planlaşdırılması üçün əhəmiyyətli məlumatdır. Kreditorları həmçinin əmin etmək lazımdır ki, razılaşma nəticəsində alternativ[2] variantlarla müqayisədə onlar daha yaxşı nəticə əldə edəcəklər.

Növbəti mühüm addım mövcud borclar üzrə tələblərin dayandırılması razılaşmasından ibarətdir və təcrübədə buna maratori haqqında razılaşma (standstill agreement) ilə nail olmaq olar. Maratori razılaşmanın məqsədi tərəflərə  (əsasən borcluya) restrukturizasiyasını razılaşdırılması, maliyyə və hüquqi analiz (due diligence) prosesin pozulmasına səbəb olan bəzi kreditorlar məcburetmə üsullardan çəkindirməkdən və ya borclu şirkətin formal müflisliyə aparılmaması üçün müəyyən imkanın yaradılmasından ibarətdir.

Borcdan imtina haqqında razılaşma adətən aşağıdakıları əhatə edir:

  • defolt şərtləri və ödəniş öhdəliklərinin müvəqqəti dayandırılması
  • maratori razılaşması qüvvədə olduğu zaman kreditorlar məhkəmə mexanizm və tədbirlərin görülməməsi öhdəlikləri
  • borcların əvvəldən kreditor olmayan üçüncü şəxslərə ötürülməsi
  • kreditorların öz mövqeyini yaxşılaşdırması üçün əlavə qabaqlayıcı tədbirlərin (əlavə yüklülük, zaminlik və s) görülməməsi barədə razılaşma;

Maratori razılaşması imzalandıqdan sonra tərəflər restrukturizasiya üzrə sövdələşmənin yekun mərhələsi ilə bağlı danışıqlar aparacaq. Yekun restrukturizasiya mərhələsi kreditorlar arasında razılaşma (inter-creditors agreement) formasına həyata keçirilir. Restrukturizasiya planında həmçinin yeni və restrukturizasiya olunmuş kredit vəsaitləri, kreditorlar arasında zərərin bölüşdürülməsi haqqında müqavilələr, investisiyaların cəlb edilməsi, aktivlərin satışı, xərclərin azaldılması və digər maliyyə alətləri əks etdirilə bilər.  Müqaviləyə əsasən hər hansı yeni borc alətinə mövcud borcla müqayisədə prioritet status verilə bilər, yəni əvvəlki kreditorlar subordinasiya olunurlar.

Təcrübə göstərir ki, kreditorlar ödəmə qabiliyyətini itirmiş şirkətlə bağlı onların gözləntilərinə uyğun çevik tədbirlərdə daha maraqlıdırlar. Lakin, hazırki iflas qanunvericiliyində nəzərdə tutulan imkanlar lazimi çevikliyə malik deyillər və hər zaman uyğun həll yolunu təmin etmirlər. Borcların razılaşdırılmış (könüllü) restrukturizasiyası bazar iştirakçılarının maraqlarına və tələblərinə daha tez cavab verən uğurlu alternativ olar bilər.

[1] Misal üçün bir sıra böyük ABŞ şirkətləri fəaliyyət dövründə iflas qanunvericiliyinin çevik alətləri vasitəsilə maliyyə böhranlarından çıxmağa nail olublar.

[2] Bu halda alternativ variant kimi, borclu şirkətin rəsmi iflas prosesinə başlamasını göstərmək olar və kreditorların növbəliyi və onlara çatacaq vəsaitlərin həcmi barədə proqnozu təqdim etmək olar.